Şimşəklər deyir ki, yağış yağacaq.
Bir damcı su üçün çatlayacağam,
Əzabın dizini qatlayacağam.
Gecə də, gündüz də yatmayacağam
Şimşəklər deyir ki, yağış yağacaq.
Nə yaxşı ki, torpaq məni götürsə,
nə yaxşı ki, şam ağacı bitirsə.
Başım üstə anadil quş ötürsə,
Şimşəklər deyir ki, yağış yağacaq.
Bilirəm ki, məndən küsməyəcəklər
Ömrümü-günümü üzməyəcəklər.
Hər zaman yolumu gözləyəcəklər
Şimşəklər deyir ki, yağış yağacaq.
Üst-başımda toz quracaq hörümçək
Dost tanışlar bizə qonaq gələcək.
Kələ-kötür yöndəmim düzələcək
Şimşəklər deyir ki, yağış yağacaq.
Yağılar yurdumda yağmalanacaq
Mələklər gözümdə sığallanacaq.
Süni çiçəklər də ağıllanacaq
Şimşəklər deyir ki, yağış yağacaq.
Hər işim olacaq öz qaydasında
Daha ölməyəcəm yar sevdasında.
Duracam bir eşqin daş libasında
Şimşəklər deyir ki, yağış yağacaq.