"Türklər
ilə qovğaya girmə, türklərin çevikliyi və qəhrəmanlığı məlumdur”.
"Baburnamə”dən
Orta əsrlərdə Osmanlı,
Səfəvi, Teymuri kimi möhtəşəm imperatorluqların qarşısında duruş gətirə biləcək
nə şərqdə, nə də qərbdə elə bir qüvvə yox idi. Avropalılar türk qılıncından
yaxa qurtarmaq üçün kilsələrində yaranadlarından kömək almaq üçün gecə-gündüz
ibadət edirdilər. Qənaətləri isə bu oldu ki, türkün qılıncından onları yalnız
türkün özü qoruya bilər. Belə də oldu, qərbin riyakar siyasəti baş tutdu. Məlum
qardaş qırğınları baş verdi. Çaldıranda, Ankarada, Tərcanda kimin qanını
tökdüyünü fikirləşəndə adamı dəhşət bürüyür. Bu vurhavurda yalnız bir dövlət
soyuna, dininə, dilinə sadiq qalıb qardaşları ilə yalnız dostluq əlaqələri
qurdu. Bu Hindistanda qurulmuş Babur türk imoeratorluğudur.
Zəhirəddin Mahmud
Babur 14 fevral 1483-cü ildə Fərqanədə doğulub. Baburun atası Ömər Şeyx
Teymurun, anası Qutluq Nigar xanım isə Çingizin nəvəsidir. Iki böyük türk
hökmdarının qanını daşıyan Babur şah qısa həyatında gördüyü böyük işlərlə
onlara layiq bir nəvə olduğunu isbat etmişdir. Fərqanə hökmdarı Ömər Şeyx
1494-cü ildə öldükdən sonra onun yerinə böyük oğlu Babur keçir. Baburun bu
zaman on bir yaşı var idi. Lakin quhumları tərəfindən taxtdan salınır. Özünə
sadiq bəylərlə 1504-cü ildə Kabilə gedir. Baburun ən böyük qəhrəmanlıqlarından
biri 1526-cı ildə 13 000 qoşunuyla İbrahim Ludinin 100 000 əsgəri,
1000 fildən ibarət ordusunu Panipat döyüşündə məğlub etməsidir. Amma odlu silaha
malik idi. Osmanlı ilə qardaşlıq və dostluq bu üstünlüyü ona vermişdi. Osmanlı
türklərindən Mustafa Rumi adlı zabitin başçılıq etdiyi bir topçu birliyi vardı.
Babura qələbə qazandıran da bu topçu birliyi oldu. Bu döyüşdə Dehli sultanı
İbrahim Ludi öldürüldü. Bundan sonra Dehliyə girən Babur 1526-cı ildə Hind-Türk
omperatorluğunu qurdu. Birinci Moğol imperatoru bağ-bağçanı çox sevərmiş.
Hindistanda yaxşı bağlar saldırmış, yaxın Şərqdən bura üzüm, qovun gətirmişlər.
Babur eyni zamanda yazıçı, şair, alim idi. Babur xətti adı ilə tanınan bir yazı
növü icad etmişdi. Hindistanda Orta Asiya türkcəsini rəsmi dil elan etmişdi.
Ancaq Baburun misilsiz əsəri olan "Baburnamə”ni türk tarixinin bütün
zamanlarının ən dəyərli xatirat əsəri adlandırırlar. 1530-cu ildə Aqrada ölsə
də, Kabildə dəfn edilib. 1646-cı ildə nəvəsi Şahcahan qəbri üzərində möhtəşəm
bir türbə tikdirib. Yuxarıda Osmanlı yardımı ilə dövlətin qurulmasını gördük.
Lakin Babur öldükdən sonra dövlətin daxilində vəziyyət çətinləşdi. Bu dəfə də
türkün köməyinə yenə türk gəldi. Belə ki, 1510-cu ildə Şeybaniləri Mərv
döyüşündə məğlub edən İsmayılın Səfəvi dövlətinin sərhəddi cənub-şərqdə
Moğollar ilə həmsərhəd idi. Səfəvilər I Şah İsmayılın dövründə Baburla əla
münasibətlər yaratmışdılar. 1530-cu ildə taxta çıxan Baburun oğlu Humayun Sur
dövlətini qurmağa çalışan Şirxan tərəfindən məğlub edilir. Hakimiyyətdən
salınan, arvadı, qulluqçusu və 40 etibarlı adamı ilə Humayun şah təqibdən yaxa
qurtarmaq üçün Səfəvilərə sığınır. I Şah Təhmasib tərəfindən mehribanlıqla
qarşılanır. Humayun Azərbaycanda olduğu vaxt Təbriz və Ərdəbili gəzir. Şəhər
əhalisi möhtərəm qonağı böyük təmtəraqla qarşılayır. Humayun Ərdəbildə Şeyx
Səfiəddinin türbəsi qarşısında baş əyir. I Təhmasib Budaq xan Qacar, III
Şahverdi bəy Ustaclı olmaqla on iki min nəfərlik qızılbaş ordusunu Humayunun
sərəncamına verir. Humayun isə öz növbəsində həmin hərbi yardımla Hindistana
yola düşür və düşməni Şirxanı darmadağın edib, taxt-tacı özünə qaytarır. Moğol
şahı bu köməyin müqabilində Səfəvi-Moğol münasibətinə soyuqluq gətirən, hər il
40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə gedir. Humayun şah
1556-cı ildə kitabxanasının yüksək rəflərindən kitab götürməyə çalışarkən
nərdivandan yıxılıb ağır yaralanır. Bu zaman Bədəxşanda əfqanlar qiyam
qaldırır. Vəziyyətin ağırlığını görən şah sarayında qonaq olan Osmanlı dəniz
kapitanı Seydi Əli Rəis şahın ölümünü gizli saxlatdırır. Əkbər Bədəxşanda
qiyamı yatırdıqdan sonra 1556-cı ildə on dörd yaşında taxta çıxır və səltənəti
49 il idarə edir.
Əkbər şah xalqın
dövlət üçün deyil, dövlətin xalq üçün var olduğunu hamıya başa salır. Əkbər
ağıllı dövlət başçısı, qüdrətli, ağıllı bir sərkərdə idi. 1552-62-ci illər
hərbi səfərləri zamanı Pəncab və Kabulu öz dövlətinə birləşdirdi. Əsrin
sonlarına yaxın isə Benqaliyanı, Kəşmir və Dekanı tutur. Əkbər şah müsəlman
idi. Sünnülük ruhunda tərbiyə almışdı. Sonra isə başqa məzhəblərə asanlıqla
qarışan şiəliyə üstünlük verir. Aydındır ki, onun təbəələrinin çoxu hindus idi.
Bunlar arasında qızıl xətti tapmaqda Əkbər şah çox da çətinlik çəkmir. 1562-ci
ildə hindus Racpud sülaləsindən bir qadınla evlənir. Bütün dinləri azad elan
etsə də, cinayətkarlar müsəlman dininin qanunları ilə mühakimə edilir.
Əkbər şah 1603-cü ildə
xəstələnir və nitqi tutulur. Oğlu Cahangiri çağıraraq ona öz əliylə qılınc
qurşayır, hökmdarlıq sarğısını başına qoyur. 1605-ci ildə isə dünyasını
dəyişir.
Orta əsrlərin sonuna
yaxın dünya ağalığı uğrunda türklərin-türklərlə mübarizəsi ən qanlı həddə
çatmışdı. Onlar arasında qardaş qırğını gedən vaxt İngiltərə, Fransa,
Hollandiya şərqdə rahatlıqla müstəmləkələr ələ keçirirdi. Bu mənada Hindistan
uğrunda mübarizə daha qanlı idi. Nəhayət, İngiltərə Hindistanın tam sahibinə
çevrilir.
Bu gün Hindistan tarixini
zənginləşdirən tarixi memarlıq abidələri türk hökmdarlarının sifarişi ilə
tikilib. "Qütbə minar”, "Qüvvət-ül-İslam”, "Tac-Mahal” belə abidələrin daha
məşhurlarıdır. Qərbdən isə heç nə qalmayıb. 300 ilə qədər ingilis iqtisadiyyatı
Hindistanın talan edilməsi hesabına inkişaf etdi, abad bir ölkəyə çevrildi.
Nehru yazır ki, Avropalılar Asiyaya və onun xalqlarına xor baxıb, əllərinə
keçəni talayıb aparmışlar. Bütün dünyanın nəzərləri Asiyaya çevrilmişdir, çünki
hər kəs bilir ki, gələcəkdə böyük rolu o oynayacaqdır.
Ağstafa şəhər
texniki-humanitar
təmayüllü liseyin tarix
müəllimi:
Qurbanov Dilavər İsgəndər
oğlu.
|